İslam Səfərli epoxası
Sənə nənəm qurban Azərbaycanım  
  Baş səhifə
  Həyatı
  Şanlı həyat
  Şeirlər
  Fotolar
  Forum
  Əlavələr
Həyatı

 


     O, 1923-cü ilin fevralında dünyaya gəldi, 1974-cü ilin noyabrında  soyuq payız günlərinin birində dünyadan köçdü. Ancaq şair üçün ömrün uzun ya qısalığı əsas şərt deyil, elə 51 illik bir ömür də bir şairi yaddaşlarda yaşatmaq üçün kifayət edər.
İslam Səfərliylə yaşıd olanların çoxu bir-bir dünyadan köçür, həyatla, bu işıqlı aləmlə vidalaşırlar. Amma bir nəsil öz köçünü sürsə də, gələn nəsillər həmin nəsli xatırlayır, onların gözəl ənənələrini davam etdirirlər.
Elə bilirəm vəfatından keçən bu
34 il ərzində o, həmişə xatırlanıb. Nə qədər ki, biz anaları dünyada ən müqəddəs varlıq sanırıq, qarşısında baş əyirik, dünyadan köçəndən sonra isə bu itki ürəyimizdə kök salır... Nə qədər ki, Azərbaycanın ən şirin ləhcəli sənətkarı Rəşid Behbudovun həmişəyaşar ifasında “Ana” mahnısını dinləyirik, o zaman biz o mahnının sözlərinin müəllifi İslam Səfərlini də yad edəcəyik. Yaxşı yadımdadır, BDU-nun tələbəsi olarkən müəllimimiz Bəxtiyar Vahabzadə deyərdi: “İslam Səfərli nəğməkar şairdir. Hamı mahnıya sözlər yazır, amma heç kiminki İslamınkı qədər şöhrət qazanmır”. Bizim gözəl xalq mahnılarımız var: “Ay bəri bax”, “Süsən sünbül”, “Gül bağçalar”, “Gül açdı”, “Sona bülbüllər”, “Almanı atdım xarala”
və s. Bu xalq mahnılarının yaşı bilinmir, ilk müəlliflərin kimlər olduğu da məlum deyil, amma əsrlər keçdikcə yaşayır.
Bir də var ayrı-ayrı şairlərin sözlərinə yazılmış mahnılar. Onların da bir çoxu yaşayır. Onları yaşadan sözün sehri, möcüzəsi və işığıdır. füzulinin “Şəbi-hicran”ı, Nizaminin
“Sənsiz”i, Abbas Səhhətin “Vətənimdir”, S.Vurğunun “Azərbaycan”
şeirləri yaşadığı kimi, İslam Səfərlinin də neçə-neçə mahnısı vəfatından sonra da yaşayır və onların ömrü əbədiyyət ömürlüdür.

Bağçamıza gəldi bahar,
Yaşıl xalı sərdi bahar.
Gəl dedim, gəlmədin, yar,
Gəlmədin, yar.

Elə bilirəm intizardan yoğrulan bu mahnı da illər keçəndən sonra xalq mahnılarından birinə çevriləcək. İnsanların sağlamlığı keşiyində duran həkimlərə, onların əməyinə yeni mahnılar yazılır və hələ yazılacaq, amma o mahnılar sırasında hələ ki, İslam Səfərlinin
“Həkim qız”
ı birinci yerdədir:

Gülərüzlü həkim qız,
Ey gözləri bənövşə,
Qapımızdan keçəndə
Sarsılıram həmişə.

Söylə, intizarını
Nə vaxtadək çəkim, qız?
Oxuyuram səninçün
Bu nəğməni, həkim qız!

Nədir bu nəğmələri yaşadan? Hansı sehirdir? O nəğmələrdə sözlər sanki adilikdən çıxır, poetik hüsn və təmtəraq qazanır, deyim tərzində bir şirinlik, axıcılıq, təbiilik bu nəğmələrin bəzəyinə, naxışına çevrilir. İslam Səfərlinin nəğmələri bir şeir kimi də gözəldir. Yəni bunları sırf mahnı mətni kimi alıb, təhlil eləmək doğru olmazdı.

Mən onu dan ulduzu,
Zərrin şəfəq sanırdım.
Kimə inanmasam da
Bir ona inanırdım.


...Qəbahətim böyükdür,

Ay ellər, dünən axşam
Bir ürək sındırmışam,
Bir könül sındırmışam.

Mən niyə İslam Səfərlidən söz açarkən onun nəğməkar şair olduğunu ön plana çəkdim? O səbəbdən ki, İslam Səfərlinin poeziyası da nəğmə ahəngi üzərində qurulmuşdu, şeirləri sadə, aydın, təbii idi, musiqili idi:

Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü.
Sahilində işıqlar qızıldı,

Yel dəydi, göy köynəyin sızıldı.

Suların çin-çin oldu, Xəzərim,
Ləpən göyərçin oldu, Xəzərim.

İslam Səfərli qədim diyarımız Naxçıvanda dünyaya göz açıb. Yaradıcılığa çox erkən başlayıb. İlk şeri “Ədəbiyyat qəzeti”ndə çap olunanda (1940) cəmi 17 yaşı vardı. Elə ədəbi aləmdə ilk addımlarını atırdı ki, müharibə başlandı. Onun kövrək qələmini süngü əvəz etdi. O, əsgər şineli geydi, 416-cı atıcı diviziyasında kəşfiyyatçı oldu. Şimali Qafqaz, Krım, Ukrayna, Pribaltika cəbhələrində döyüşdü. Ancaq onun şeirə, sənətə marağı azalmadı. “Qızıl əsgər” və “Qırmızı bayraq” cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap etdirdi. İllər keçəcək, müharibə mövzusu İslam Səfərlinin yaradıcılığında əsas mövzulardan birinə çevriləcək, “Onüçlər” kimi gözəl bir şeir, digər əsərlər yaranacaqdı:

Bir düşündük, bir danışdıq,
Bir sıçradıq düşmən üstə.
"Ana” dedik, “Vətən” dedik
Dar ayaqda, son nəfəsdə.

Müharibə bitdi və İslam Səfərli ilk, kövrək addımlarını atdığı ədəbi aləmə qayıtdı. Müharibədə igid bir kəşfiyyatçı kimi özünü sübut edən İ.Səfərlinin ədəbi aləmdə də tanınması və sevilməsi uzun çəkmədi. O, “Darülfünun” şeirlərini yazdı, bu silsilə ilə həyatı duyan gözəl bir şair olduğunu sübut etdi. Mən burada onun dostu, mərhum yazıçımız Əlfi Qasımovun bir xatirəsinə müraciət etmək istəyirəm: “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər, gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdi. İndiki kimi yadımdadır, üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. Onun yaradıcılığı haqqında ətraflı məruzə dinlənildi, çıxışlar oldu. Axırda söz Səməd Vurğuna verildi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. Şeir həvəskarlarını Füzuli, Sabir ənənələrindən, bayatılarımızdan öyrənməyə çağırdı... Söhbətinin bir yerində Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi.
- Hanı o mənə oxşayan Qara İslam - deyə zala müraciət elədi.

Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı.
- Burdayam, Səməd müəllim,  dedi.
- Bəri gəl görüm.
İslam qabağa yeridi. Səməd Vurğun əli ilə işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:
- Yazıçılar İttifaqında keçən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?
İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm də çox ehtirasla, hərarətlə şeir oxuyardı.
- Oxuya bilərəm, - dedi.
Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb “Beşik başında” şerini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi.
İslam Səfərlinin poeziyasından söz açarkən bir neçə sözü xatırlamaq lazım gəlir. Vətən-Azərbaycan, Təbiət-Xəzər, İnsan-dünya-zaman.

Hərdən düşüncələr sarır insanı,
çayüstü körpülər
asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı
Araz bir qolumdur,
Kür bir qolumdur!
Əmr et keşiyində mətin dayanım,
Sənə qurban canım, Azərbaycanım!

Yazıb-yaratdığı dövrdə tənqidçilər, qələm dostları onun poeziyasına biganə olmamışlar. Məsələn, mərhum tənqidçi Əkbər Ağayev bir məqaləsində yazmışdı:
-
İslam Səfərlinin poeziyasında Xəzərin ləpələri pıçıldaşır, müasir kəndin və şəhərin müxtəlif təbiətli adamları tərənnüm olunur. Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir.

Qırçın-qırçın göy ləpələr,
Nə xəfifdir, nə incədir.
Onu şeirə çəkmək olmaz,
O ən zərif düşüncədir?.

İndi bu şeirləri bir daha oxuyanda İ.Səfərli poeziyasının özünəməxsus boyaları, rəngləri, çalarları ilə üzləşirik. O, Azərbaycandan və onun təbiətindən çox yazırdı və şeirlərində də tamamilə təzə təşbehlər, metaforalar tapırdı. Adi sözlər sıralanırdı və birdən bu adi sözlər elə poetik bir lövhə yaradırdı ki, heyrətini gizlədə bilmirdin. Naxçıvan torpağının gözəlliklərinə aid yüzlərlə şeirlər yazılıb, amma İslam Səfərlinin “Naxçıvan” silsilə şeirləri hələ də öz bədii təravətini itirməyib:

Bulaqların bir səmtədir axarı,
”Salvartı”nın xoş görünür baxarı.
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Mehmanınam on beşdə mən, beşdə mən,
Gətirmişəm basdırmanı teştdə mən.
Neçə ocaq tüstülədib döşdə mən,
Birini də çata-çata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Bəli, o, Azərbaycan, Naxçıvan, yurdun təbiəti, xüsusilə Xəzər haqqında ehtirassız yaza bilmirdi.
Onun gözəl lirik şeirləri ilə yanaşı
“Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Birinci katib”, “Dəfinə”
və s. poemaları da var. Ancaq onun poema yaradıcılığında böyük ustad Aşıq Ələsgərə həsr etdiyi poeması daha çox yadda qaldı.
İslam Səfərli ədəbiyyat tariximizdə həm də istedadlı bir dramaturq kimi anılır. Adətən, çox şair
və nasir pyesləri səhnədə oynanılsın deyə, dramaturgiyaya “qədəm basırlar”. Lakin İslam Səfərlidə fitrətən dramaturq istedadı vardı. Elə bircə “Göz həkimi” pyesi kifayətdir deyək ki, onun dramaturgiyaya gəlişi qanuni və zəruri idi. Bu əsər 50-ci illərin ortalarında qələmə alınmışdı və səhnəyə vəsiqə alandan sonra uzun müddət teatrlarımızın repertuarında özünə yer aldı.
...İslam Səfərli həyatdan çox erkən getdi. Amma bu dünyada öz izini qoydu - şair kimi də, insan kimi də. Onun aşağıdakı misraları bir daha təsdiq edir ki, əsl şairlər ölmür, bunların ölümü yalnız cismanidir, mənəvi həyatları isə əbədi davam edir:

Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm,
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.

Bu ellərin bil ki, hər dəm
Sevinciyəm, kədəriyəm.
Demə gəldi-gedəriyəm,
Mən İslama, ay Qarabağ,
Vallah, qalan bu olacaq.




Vaqif Yusifli

 

 

 

 
   
O ADİ BİR QIZ DEYİL...  
  Paytaxtıma baxıram,
İşıqdan goz qamaşır.
Bakıya təkcə mənim
Sevdiyim qız yaraşır.

Mən hara gedirəmsə,
Gozlərimdə o gulur.
Şirin bir mahnı kimi
Urəyimə suzulur.

Mən onu gorməyəndə
Hər şey gozumdən duşur.
O, şəhərə çıxanda,
Şəhərdə gozəlləşir...

Uzunun qızartısı
Min çiçəyin rəngidir.
O, adı bir qız deyil,
Gozəllik çələngidir...

şair İslam Səfərli
 
BAHAR UMİDLİ NAZIN  
  Sevgilim, qulaq as bir,
Həyat sevəni sevir.
Mənə də ilham verir
Sənin sukutlu nazın.

Qəlbimə axsan əgər,
Kirpiyim nur çiləyər.
Eşqimi inciləyər,
Bahar umidli nazın.

Hərslətlə yananda mən,
Uçub getdin goyunən.
Guldu ağ tul geyinən
Durna buludlu nazın..

şair İslam Səfərli
 
adminlə əlaqə:  
  elchinsafarli@bk.ru  
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol