İslam Səfərli epoxası
Sənə nənəm qurban Azərbaycanım  
  Baş səhifə
  Həyatı
  Şanlı həyat
  Şeirlər
  Fotolar
  Forum
  Əlavələr
Şanlı həyat


İstedadlı radiojurnalist kimi tanıdığım, xətrini istədiyim Hidayət Səfərli ilə tez-tez zəngləşirik. Hər dəfə də qardaşı, mənim qonşum olmuş, mərhum şair İslam Səfərlini xatırlayırıq, unudulmaz günləri dəftər kimi vərəqləyirik. Son söhbətimizdə görkəmli şairimizin yubileyinin yetişdiyindən xəbər tutdum. Unudulmaz qələm dostumuz İslam Səfərli haqqında bir neçə söz demək ehtiyacı duydum.
Biz Bakının keçmiş Vaqif, indiki Həsən Seyidbəyli küçəsindəki “Yazıçılar evi”ndə yaşayırdıq. İndi binanın birinci giriş qapısının ağzına şair İslam Səfərlinin, üçüncü qapısına isə akademik Məmməd Cəfərin və şair Əli Tudənin xatirə lövhələri vurulub.
İslam müəllimi bir şair, dramaturq kimi tanıyırdım. Ədəbi gecələrdə, görüşlərdə pafosla şeir deməyini çox xoşlayırdım. Onun
“Ağ xalatlı qız” pyesi (sonralar Milli Dram Teatrında “Göz həkimi” adı ilə oynanıldı), “Aşıq Ələsgər” poeması, oxuduğu universitetə həsr etdiyi silsilə şeirləri, “Ana”, “Pıçıldaşın, ləpələr”, “Ay qara qız” kimi populyar nəğmələri biz gənc yazarlarda xüsusi rəğbət oyadır və şairi oxuculara sevdirirdi.
1964-cü ildə indi yaşadığımız binaya köçəndən sonra biz daha yaxın olduq. Həyat yoldaşı Anaxanım bacının açdığı süfrələrdə çay içmişik. Yazdığı nəğmə mətnlərini mənə və qonşumuz, İslamın yaxın dostu, görkəmli yazıçı Əlfi Qasımova oxuyub. Məşhur bəstəkarları, müğənniləri onun evində görmüşəm.
İslam
“Aşıq Ələsgər”
poemasının əsasında bir opera mətni — libretto yazmaq istəyirdi. Deyirdi ki, birinin şeirinə nəğmə bəstələnən kimi adını “nəğməkar şair” yazdırır, bu, düzgün deyil, hamı nəğmə mətni yaza bilməz.
O, nəğmə mətnləri yazanda mənayla, məzmunla yanaşı, qalın-incə saitlərin bir-birini izləməsinə — dilimizin baş düsturu olan ahəng qanununa, həmcins üzvlü cümlələrə xüsusi diqqət yetirirdi. Sözlər elə rəvan seçilməliydi ki, dil ağızda vəziyyətdən-vəziyyətə düşməsin. Bəndlərindən birini xatırlayıram:


Mən Dədə Qorqudam, ozan şairəm,
Eşqimi göylərə yazan şairəm,
İslamam, zirvədə süzən şairəm.
Səni ley çalanda bir laçın ollam,
Çalmalı dağlarda harayçın ollam.


Bununla yanaşı, o, şairdən böyük ədəbiyyat, yüksək ideallar uğrunda mübarizə aparmağı da tələb edirdi.
İslam cəbhəçi şair idi. İkinci Dünya müharibəsinə yola düşəndə on səkkiz yaşına yenicə keçibmiş. Ukrayna torpağının azadlığı üçün vuruşan və Berlinə qədər piyada gedən Azərbaycanlılardan ibarət 416-cı diviziyanın əsgərləri sırasında olmuşdu.
Səngərdə yazdığı ilk şeirlərinin birində gənc şair qanlı səhnələrin şahidi olduğunu göstərmişdi. Hələ o vaxt
“Cəbhə şeirləri” adlı almanaxın müqəddiməsində Məmməd Rahim qeyd etmişdir ki, “ öz döyüşçü qardaşının Vətən uğrunda nakam öldüyünü təsvir edən serjant İslam Səfərli bu nakam eşqin qisasını almaq üçün döyüşlərə atılıb and içir”.
İslam Səfərli Ukrayna cəbhəsində fədakarlıq göstərən qorxmaz kəşfiyyatçılardan idi. Lakin o heç vaxt şairliyini unutmur, vaxt tapan kimi ədəbi yaradıcılıqla da məşğul olurdu. Qeydlərinin birində yazırdı ki, “mən 416-cı Taqanroq atıcı diviziyasının həqiqi döyüş tarixindən “Şərqin qalibləri” adlı bir kinossenari yazmışam. Mən hələ 1942-ci ildən Moskvadan başlamış, ta ki qoca Dnepr çayının sahillərinə qədər Azərbaycan oğullarının göstərdikləri hünər və rəşadət haqqında, onlarla soyuq səngərlərdə çiyin-çiyinə gedib onların daxili ... duyğularını əks etdirmişəm. Mənim əsərimə rus yazıçısı M.Şoloxov yoldaş da baxmışdır". Sonralar, təəssüf ki, həmin əsərə heç bir yerdə rast gəlmədim.
Aşağıda misal göstərəcəyim ağır səhnənin “Şərqin qalibləri” əsərində istifadə edilib-edilmədiyini bilmirəm. Lakin bu döyüş epizodunun nə qədər ağır olduğunu, hər hansı əsərə gözəl ədəbi material ola biləcəyini görürəm. İslam Səfərli bu hadisəni müharibədən Süleyman Rüstəmə göndərdiyi məktubunda belə təsvir edir: “Sizin ”Gün o gün olsun ki" adlı kitabınızı qəhrəmanlıqla həlak olmuş azərbaycanlı bir zabitin qoltuq cibindən tapdıq". İslam Səfərli böyük yazıçı və böyük alim Mir Cəlala göndərdiyi məktubda isə deyirdi: “Qüdrətov familiyası bütün döyüşçülərin dilinin əzbəri olmuşdur. Mən həyatda o qədər Gəldiyevlər, Verdiyevlər tanıyıram ki, ”Açıq kitab" əsərini oxuduqda, bu simalar nəzərimdə bir daha canlandı".
O vaxt bizim cəbhəçi yazıçılar S.Vurğuna, S.Rəhimova, M.İbrahimova, R.Rzaya, Ə.Cəmilə və başqalarına məktublar göndərirdilər. İndi bu məktubları toplayıb ayrıca kitab şəklində buraxsaydılar, müharibə şəraitində olan Azərbaycan üçün, yəqin ki, gərəkli olardı. O illərdə İslam Səfərli ilə bir sırada Azərbaycanın qırxa qədər gənc qələm sahibi silaha sarılmışdı. Burada onların bir neçəsinin adını xatırlatmaq istərdim: Əbülhəsən, Ənvər Məmmədxanlı, Ənvər Əlibəyli, Nurəddin Babayev, Qılman İlkin (Musayev), Məmməd Aranlı, Yusif Şirvan, Hidayət Əfəndiyev, Əhməd Cəmil, Zeynal Cabbarzadə, Cəfər Xəndan, Əbil Yusifov, Böyükağa Qasımzadə, Süleyman Vəliyev, Əvəz Sadıq, Hüseyn Natiq, Hüseyn Abbaszadə və bir çox başqa yazarlar ordu sıralarında hərbi xidmətdə idilər.
Mərhum İslam Səfərli ilə biz on il yaxın qonşuluq etmişik. O, 1974-cü ildə 51 yaşında, yaradıcılığının ən qaynar çağlarında dünyasını dəyişdi. Sağlığında səngər dostlarını tez-tez xatırlayırdı.
Biz İslamla görüşlərə, Naxçıvana, Qəbələyə, Şəmkirə və bəzi Bakı kəndlərinə getmişik. O, insanı, həyatı sevir, gözəllikdən zövq alırdı, yaxşı yol yoldaşlığı var idi. Bir əli havada, pafosla şeirlər dediyi yadımdadır. “Nənəm sənə qurban, Azərbaycanım!” — deyəndə onu alqışlarla qarşılayır, nə qədər səmimi və mehriban olduğunu bir daha görürdülər. İslam Səfərli, Məsud Əlioğlu ilə qatarda Naxçıvana da getmişik, sərhəd dirəklərini görüb kədərlənirdik. Arazın hər iki sahili Azərbaycan torpaqlarıydı.
İslam Səfərli İkinci Dünya müharibəsi cəbhələrində döyüşmüş və yaralanmışdı. Əlifbamızı dəfələrlə dəyişən, Cavidləri, Müşfiqləri sürgünə göndərən bir dövlətin yolunda qan tökmüşdü. Məsud Əlioğlu isə Caviddən məhəbbətlə danışır, şeirlərini əzbərdən deyirdi. İslam ilk gəncliyini səngərlərdə itirdiyini, sanki, indi görür, Məsuda diqqətlə qulaq asırdı. “Nə qədər şeirlərim, poemalarım çıxar, nə qədər pyeslərim oynanardı”— deyirdi. Ömrümün ən gözəl çağları od-alovun içində keçmişdi.
İslam gözünü sərhəd dirəklərindən ayırıb susur, nəhayət deyirdi: “Yox, mən faşist taununa qarşı vuruşmuşam. Mən bəşəriyyətə xidmət etmişəm.
O, həssas, qəlbikövrək, xeyirxah bir insan idi, dost sevən idi. Yazıçı Əlfi Qasımovla onun dostluğu çoxlarına nümunə idi. Əsl qardaş idilər, qonşuluqda da, ədəbi mühitdə də bunu hamı görürdü.
Ötən il bizim “Yazıçılar Birliyi”nin Natəvan klubunda keçirilən bir tədbirdə qələm yoldaşlarımdan biri etiraf etdi ki, İslam Səfərli ilə Əlfi Qasımov şair Nəriman Həsənzadənin qanının arasına girdilər. Yəni məni xilas etdilər. Məsələ qısaca belə olubmuş: Mənim ”Azərnəşr"də “Könlüm şeir istəyir” adlı kitabım çıxan kimi (1964) Azərbaycan KP MK-dan səlahiyyətli bir məmur “Azərbaycan gəncləri” qəzetinin redaksiyasına dövlət telefonu ilə zəng vurub, tapşırıq verib ki, kitabdakı “Adsız bulaq” və başqa “siyasi səhvlərlə dolu” şeirləri, eləcə də müəllifin özünü kəskin tənqid etmək, əslində isə vurmaq lazımdır.
Məqsəd bu imiş ki, nəşriyyatın direktorunu — 17 il sürgündə yatıb qayıdan görkəmli yazıçı Seyfulla Şamilovu və məni işdən çıxarsınlar. Qəzetdə şöbə müdiri işləyən qələm yoldaşım tapşırığı yerinə yetirir, yeddi səhifəlik məqalə yazır. Bu arada o, Yazıçılar İttifaqına gələsi olur, İslamla, Əlfiylə görüşür. Onlar nahar yeməyinə bunu da dəvət edirlər. O da deyir ki, məqaləni mətbəəyə verib qayıdım. Məqalənin nədən bəhs etdiyi məlum olanda, onlar xahiş edirlər ki, hələ vermə, biz redaktordan da xahiş edərik. Nərimanı vurmayın. Qəzetin redaktorunun da mənim yaradıcılığıma hörməti var idi. Yəqin ki, tapşırıq onun istəyinin əleyhinə olubmuş. Beləliklə, məqalə o qalan qalır.
Mən elə bil təzədən ayılmışdım, dünyaya ayıq gözlə baxmaq, hər şeyi olduğu kimi görmək istəyirdim. Amma gec idi. İndi bu hadisədən düz 43 il keçib.
Bəlkə də, unudulmaz şairimiz İ.Səfərlinin doğum günü ərəfəsində bu söhbəti yada salmazdım. Lakin bəzən adi bir detal insanın ürəyindəki xeyirxahlıq deyilən işığın, nurun olduğunu açıb göstərmirmi? İslam Səfərli və onun dostu Əlfi müəllim bax, belə nur qaynaqları olmayıblarmı? Əsl yazıçının, yaxud şairin ürəyi başqa cür olurmu? Qoy, mənim bu gecikmiş təşəkkürüm və minnətdarlığım onların ruhlarını şad etsin. Bəlkə, yaxşılıq insanlıq sözünün sinonimidir? Qələm yoldaşım da bu sirri 43 ildən sonra açıb dediyinə görə sağ olsun. İslamın bu gözəl ürəyini, şair təbiətini birinci olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəyov Naxçıvanda ikən, seçkilərdə iştirak etdiyi vaxtlarda görmüşdü. Cəbhədən yenicə qayıdan və sinəsi orden-medalla dolu olan bu gəncin pafosla oxuduğu şeirlərdən o böyük insanın xoşu gəlmiş, onu Bakıya, universitetdə təhsilini davam etdirmək üçün dəvət etmiş, sonra da İslamı rektor, görkəmli Azərbaycan alimi Abdulla Qarayevdən xahiş etmişdi. Böyük xalq şairimiz Səməd Vurğun isə “Ayə, sən mənə oxşayırsan” — deyə onu “Qara İslam” çağırırmış. Bunları mənə şairin qardaşı Hidayət Səfərli danışmışdı.
İslam müəllim həmişə fərəh hissiylə deyirdi ki, mən böyük astronom Nəsirəddin Tusinin yaxın qohumlarındanam və o nəsldən olan görkəmli şəxsiyyətlərin adlarını çəkirdi. Bir də özünəxas qürurla eşitdirirdi ki, oğlum İlham Leninqradda (indiki Sankt-Peterburqda) Rəssamlıq Akademiyasında oxuyur. Həqiqətən, bu qan yaddaşı bir şair, ata ömrünü yaşadan müqəddəs duyğular idi.
İndi şair İslam Səfərlinin evində onun varisi — oğlu İlham Səfərli yaşayır. Biz yenə İslam Səfərli ilə görüşürük, amma şairlə yox, nəvəsi — iqtisadçı İslam Səfərli ilə.
 

Xalq Şair Nəriman Həsənzadə

 

 

 

 

 

 

 

 

 
   
O ADİ BİR QIZ DEYİL...  
  Paytaxtıma baxıram,
İşıqdan goz qamaşır.
Bakıya təkcə mənim
Sevdiyim qız yaraşır.

Mən hara gedirəmsə,
Gozlərimdə o gulur.
Şirin bir mahnı kimi
Urəyimə suzulur.

Mən onu gorməyəndə
Hər şey gozumdən duşur.
O, şəhərə çıxanda,
Şəhərdə gozəlləşir...

Uzunun qızartısı
Min çiçəyin rəngidir.
O, adı bir qız deyil,
Gozəllik çələngidir...

şair İslam Səfərli
 
BAHAR UMİDLİ NAZIN  
  Sevgilim, qulaq as bir,
Həyat sevəni sevir.
Mənə də ilham verir
Sənin sukutlu nazın.

Qəlbimə axsan əgər,
Kirpiyim nur çiləyər.
Eşqimi inciləyər,
Bahar umidli nazın.

Hərslətlə yananda mən,
Uçub getdin goyunən.
Guldu ağ tul geyinən
Durna buludlu nazın..

şair İslam Səfərli
 
adminlə əlaqə:  
  elchinsafarli@bk.ru  
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol